Bu gün:

Sudanda insanlar kütləvi aclıq səbəbindən heyvan yemi yeməyə başlayıblar


Sudanın milyonlarla sakini ərzaq çatışmazlığı səbəbindən gündə bir dəfədən çox yemək yeyə bilmir. Onların bir çoxu yarpaqlar və heyvan yemi ilə qidalanır. Bu barədə Reuters humanitar təşkilatların hesabatlarına istinadən yazır.

Foto: fao.org

Ərzaq böhranı artıq üç ildir davam edən Sudan ordusu ilə Sürətli Reaksiya Qüvvələri arasında müharibə səbəbindən daha da dərinləşib. Münaqişə kütləvi aclığa gətirib çıxarıb və insanları evlərini tərk etməyə məcbur edib. Nəticədə kənd təsərrüfatı sahələri dağıdılıb, ərzaq tədarük zəncirləri pozulub və bazarların fəaliyyəti dayanıb.

Humanitar təşkilatların qiymətləndirməsinə görə, təxminən 28,9 milyon insan — yəni ölkə əhalisinin 61,7%-i — ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Ən ağır vəziyyət Şimali Darfur və Cənubi Kordofan bölgələrindədir. Burada ailələr çox vaxt gündə bir dəfədən artıq qida tapa bilmir, bəzən isə günlərlə ac qalırlar.

Beynəlxalq qurumlar, həmçinin Əl-Faşir və Kadugli şəhərlərində aclıq əlamətlərini qeydə alıblar. Um-Barə və Kerno bölgələrində isə beş yaşdan kiçik uşaqlar arasında qidalanma çatışmazlığı səviyyəsi aclıq həddini göstərən normanı demək olar ki, iki dəfə üstələyir.

Sudan hakimiyyəti ölkədə aclığın olduğunu inkar edir, Sürətli Reaksiya Qüvvələri isə nəzarət etdikləri ərazilərdəki vəziyyətə görə məsuliyyət daşımadıqlarını bildirir. Humanitar yardımın həcmi kifayət etmir: ictimai yeməkxanalar ehtiyacı olanların çoxluğunu qarşılaya bilmir, beynəlxalq maliyyələşmənin azalması isə xeyriyyə fondlarının fəaliyyətini məhdudlaşdırır.

Xüsusilə qadınlar və qızlar daha həssas vəziyyətdədir. Onlar su axtararkən kənd təsərrüfatı işlərində və ya bazara gedərkən zorakılıq riski ilə daha çox üzləşirlər. Qadınların rəhbərlik etdiyi ailələrdə ərzaq çatışmazlığı üç dəfə daha çox müşahidə olunur.

Mənbə: snob
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et