Ürək tutması çox vaxt qəfil baş verən hal kimi düşünülsə də, əslində orqanizm bunu əvvəlcədən müxtəlif əlamətlərlə bildirə bilər. Bu əlamətlərin vaxtında fərq edilməsi həyatı əhəmiyyət daşıyır. Xüsusilə fiziki gərginlik zamanı yaranan narahatlıqlara diqqət yetirmək lazımdır.
Ən vacib əlamətlərdən biri döş qəfəsinin ortasında təzyiq və ya sıxılma kimi hiss olunan ağrıdır və bu ağrı bəzən çənəyə, sol qola, çiyinə və ya kürəyə yayıla bilər. Bununla yanaşı, nəfəs darlığı, tez yorulma, həddindən artıq tərləmə və ürəkbulanma da ciddi xəbərdarlıq siqnallarıdır. Bəzi hallarda xüsusilə şəkərli diabet xəstələrində “səssiz ürək tutması” baş verə bilər və bu zaman açıq əlamətlər hiss olunmur. Siqaret istifadəsi, yüksək qan təzyiqi, yüksək xolesterin, diabet, hərəkətsiz həyat tərzi və artıq çəki ürək tutması riskini artıran əsas amillərdir. Sağlam qidalanma və müntəzəm fiziki aktivlik ürək sağlamlığını qorumaq üçün çox vacibdir. Şübhəli əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət etmək mütləqdir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
