Bu gün:

İmmunoterapiyada yenilik: Xərçəng bəzi hallarda əməliyyatsız yox olur


Yeni nəsil immunoterapiya üsulları xərçəng hüceyrələrini orqanizmin öz müdafiə sistemi ilə məhv etməyə imkan verir. Klinik sınaqlar zamanı bəzi xəstələrdə şişlərin əməliyyat, kimyaterapiya və şüa müalicəsi olmadan tam yoxa çıxması bu sahədə böyük dönüş nöqtəsi sayılır.

Animasiya/ BBC


Mütəxəssislərin sözlərinə görə, immunoterapiya xərçəng müalicəsində ən perspektivli istiqamətlərdən birinə çevrilib. Bu üsul immun sistemini gücləndirərək xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək edir. Ən çox istifadə olunan metodlardan biri olan immun nəzarət nöqtəsi inhibitorları xərçəng hüceyrələrinin “gizlənmə” mexanizmini bloklayır və immun hüceyrələrin onlara hücum etməsini təmin edir.

ABŞ-də aparılan klinik sınaqlarda “dostarlimab” adlı dərmanla müalicə alan bəzi xəstələrdə şişlərin cəmi bir neçə ay ərzində tam yoxa çıxdığı müşahidə olunub. Maraqlıdır ki, bu nəticələr əməliyyat və digər ənənəvi müalicə üsulları olmadan əldə edilib.

Bununla belə immunoterapiya hər xəstədə eyni nəticəni vermir. Statistikaya görə, yalnız 20–40% pasiyent bu müalicəyə müsbət reaksiya göstərir. Həmçinin bəzi hallarda yorğunluq, dəri səpkiləri və daxili orqanlarda iltihab kimi yan təsirlər də yarana bilər.

Alimlər hazırda bu müalicənin effektivliyini artırmaq üçün müxtəlif istiqamətlərdə araşdırmalar aparırlar. Qidalanma, dərman kombinasiyaları və fərdiləşdirilmiş yanaşmaların nəticələri yaxşılaşdıra biləcəyi düşünülür. Xüsusilə xəstənin genetik xüsusiyyətlərinə uyğun seçilən müalicə üsulları gələcəkdə daha geniş tətbiq oluna bilər.

Bundan əlavə, xərçəngə qarşı fərdi peyvəndlərin hazırlanması da ümidverici istiqamətlərdən biri hesab olunur. Erkən mərhələli tədqiqatlarda bu üsulun bəzi xəstələrdə uzunmüddətli müsbət nəticələr verdiyi bildirilib.

Ekspertlər qeyd edirlər ki, immunoterapiya hələ inkişaf mərhələsində olsa da, artıq minlərlə insanın həyatını xilas edir və gələcəkdə xərçəng müalicəsində əsas üsullardan birinə çevrilə bilər.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

 

Paylaş
Şərh əlavə et