Bu gün:

Pasxa şirniyyatlarını itlərə vermək təhlükəlidir


Rusiya Kinoloji Federasiyasının məlumatına görə, hər Pasxa bayramı dövründə ev heyvanlarının sahiblərinin baytarlıq klinikalarına müraciətlərində artım müşahidə olunur.

Foto: Depositphotos

Federasiyada xatırladıblar ki, itlərə qətiyyən pasxa kulici vermək olmaz. Ənənəvi bu şirniyyatın tərkibində şəkərli və ya şokoladlı qlazur olur. Heyvanların orqanizmi isə sadə karbohidratları, xüsusilə də şokoladda olan teobromini həzm etməyə uyğun deyil.

İtlər üçün digər təhlükə kişmiş və şəkərli meyvə parçalarıdır. Qurudulmuş üzüm kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Hətta 10 kq çəkisi olan it üçün iki dənə belə təhlükəlidir.

Sahiblər həmçinin qoz-fındıq istifadəsinə də nəzarət etməlidirlər. Onlar bəzi kuliclərin tərkibində olur və yüksək yağ tərkibinə görə zərərlidir. Əlavə olaraq makadamiya və muskat qozu da heyvanlar üçün zəhərlidir.

Yağlı olduğuna görə itlərə kəsmikli pasxa şirniyyatları da vermək olmaz. Bu məhsulların tərkibində şəkər, xama və ya qaymaq olur. Rusiya Kinoloji Federasiyasında qeyd edirlər ki, bu cür qidalar kəskin pankreatitə səbəb ola bilər.

Soğan qabığı ilə boyanmış yumurtalar da az təhlükəli deyil. Soğan heyvanlarda hemolitik anemiyaya səbəb olur. Belə yumurtaların təsiri isə dərhal deyil, bir neçə gün sonra özünü göstərə bilər.

Mənbə: kuban24.tv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et