Bu gün:

Heyvanlarla eyni yataqda yatmaq olar?


Araşdırmalara görə, ev heyvanı sahiblərinin demək olar ki, yarısı — təxminən 45–60%-i — mütəmadi olaraq heyvanlarını öz yataqlarına buraxır. İtlərlə təxminən 45–55% sahiblər, pişiklərlə isə 62%-ə qədər insan birlikdə yatır. Bir çoxları üçün bu artıq bir növ rituala çevrilib: heyvanın yaxınlıqda olması daha tez sakitləşməyə və yuxuya keçməyə kömək edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu rahatlıq hissinin arxasında daha az nəzərə çarpan bir problem gizlənə bilər.

Foto: petstory

Aif.ru saytına açıqlamasında somnoloq, tibb elmləri doktoru, professor, Rusiyanın əməkdar həkimi Roman Buzunov bildirib ki, pişik və itlərlə birlikdə yatmaq yuxunun fiziologiyası baxımından çox da faydalı deyil. Bu, heyvanların həyat ritminin fərqli olması ilə bağlıdır və bu da insanın gecə istirahətinin keyfiyyətinə birbaşa təsir edir.

“Adətən heyvanlar insanlar kimi 8 saat fasiləsiz yatmır. Onların yuxusu tez-tez bölünmüş olur. Gecə ərzində gəzişə, tərpənə bilirlər və bu da sahibini oyadır. Bu isə yuxunun keyfiyyətini mütləq şəkildə pisləşdirir”, — deyə ekspert qeyd edib.

Bundan əlavə, tez-tez unudulan başqa məqamlar da var. Mütəxəssisin sözlərinə görə, pişik və it tüklərinə qarşı allergiya kifayət qədər yayılıb və allergenlərlə daimi təmas zamanı inkişaf edə bilər. Həmçinin yatağın gigiyenikliyi də azalır: heyvanla birlikdə yatağa tük və müxtəlif mikrozərrəciklər düşür və onlar yataq dəstində toplanır.

Bununla belə, həkim vurğulayır ki, belə bir yaxınlığın faydasını tam inkar etmək də olmaz. Ev heyvanına olan emosional bağlılıq, sevimli heyvan yaxınlıqda olduqda stress səviyyəsini azaldır. Buna görə də bir çox insan üçün pişik və ya itlə birlikdə yatmaq psixoloji rahatlıq ilə yuxu keyfiyyətinin mümkün azalması arasında bir balans yaradır.

Mənbə: sitv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et