Bu gün:

Mingəçevir Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub


Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Özbəkistana işgüzar səfər çərçivəsində Şərof Rəşidov adına Səmərqənd Dövlət Universitetində olub.

24media.az xəbər verir ki,universitetdən verilən məlumata görə, səfərdə Mingəçevir Dövlət Universitetinin rektorunun Tədrisin təşkili və idarə olunması məsələləri üzrə müşaviri Ceyhun Mahmudov və iqtisadi məsələlər üzrə müşaviri Xaqani Cəfərov iştirak ediblər.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib. Tərəflər akademik mübadilə proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mobilliyinin artırılması, eləcə də innovativ və inklüziv tədris yanaşmalarının tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Türk dünyası universitetləri arasında əməkdaşlığın mühüm platformalarından biri olan “Orhun Mübadilə Proqramı” çərçivəsində imkanların genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Qarşılıqlı iştirakın artırılması və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Görüşdə həmçinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, əlçatanlığın artırılması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə konkret birgə layihələrin həyata keçirilməsi niyyətlərini ifadə ediblər.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et