Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə yayılan iddialarla bağlı açıqlama verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binası
24Media.az “Report”a istinadən xəbər verir ki, Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşlarının “Facebook” hesablarında Komitənin fəaliyyətinə xələl gətirəcək əsassız iddialar paylaşdıqları bildirilib. Həmçinin Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələr yer alıb.
Məlumata görə, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu ərazisində yerləşən yataqxanada qeydiyyata alınıb və müxtəlif vaxtlarda mənzillə təmin olunmaq üçün Komitəyə müraciət edib. Ona mövcud fonda boş yaşayış sahəsinin olmadığı, doğma kəndi Arduşluda bərpa işləri başa çatdıqdan sonra evlə təmin olunması məsələsinə baxılacağı bildirilib.
Qeyd olunub ki, 2026-cı il aprelin 8-də Şahin Qədirov yenidən qəbul edilərək müraciəti dinlənilib. Araşdırma zamanı onun ailə vəziyyəti nəzərə alınaraq yalnız bir otaqlı mənzil almaq hüququnun olduğu müəyyən edilib. Lakin hazırda azad edilmiş ərazilərdə bu tip mənzillərin mövcud olmadığı və uyğun ev olduğu halda müraciətinə baxılacağı diqqətinə çatdırılıb.
Komitə bildirib ki, bundan sonra Şahin Qədirov qardaşı ilə birlikdə sosial şəbəkələrdə dövlət qurumunun ünvanına qərəzli və böhtan xarakterli məlumatlar yayaraq ictimai çaşqınlıq yaratmağa cəhd edib.
Açıqlamada vurğulanıb ki, dövlət orqanlarının və vəzifəli şəxslərin ünvanına yalan və böhtan xarakterli məlumatların yayılması qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradır və bu kimi hallarla bağlı məhkəməyə müraciət etmək hüququ saxlanılır.
Aylin Bayraməliyeva
