Bu gün:

Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində olub


Litvanın Baş naziri İnqa Ruqiniene Bakıda Heydər Əliyev Mərkəzində olub.

Litvanın Baş naziri İnqa Ruqinienenin Heydər Əliyev Mərkəzi ilə tanışlığı


24Media.az “Report”a istinadən xəbər verir ki, qonağa Mərkəzin direktoru Anar Ələkbərov tərəfindən bina və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və irsinin öyrənilməsi və təbliğinə xidmət edir.

Baş nazir əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub, burada Ulu Öndərin sovet dövründə və müstəqillik illərində fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia materiallarına baxıb. O, həmçinin 1969–2003-cü illərdə rəsmi istifadədə olmuş avtomobillərlə də tanış olub.

Daha sonra İnqa Ruqiniene “Azərbaycan inciləri” sərgisini ziyarət edib. Qonağa ölkənin zəngin tarixi, mədəni irsi, xalçaçılıq məktəbi, qədim musiqi alətləri və milli geyimlər barədə məlumat verilib.

Səfər çərçivəsində Baş nazir “Kukla incəsənətdə”, “Musiqi alətləri: Birlik və müxtəliflik”, “İlmələrin rəqsi” və “Klassik avtomobillər” sərgiləri ilə də tanış olub.

Sonda İnqa Ruqiniene xatirə kitabına ürək sözlərini yazıb, ona xatirə hədiyyəsi təqdim edilib və qonaq Mərkəzdən xoş təəssüratla ayrılıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et