Bu gün:

İtaliya işçilərə xəstə ev heyvanına qulluq etmək üçün məzuniyyət götürməyə icazə verib


İtaliyada işçilərin ağır xəstə ev heyvanlarına qulluq etmək üçün ildə üç günədək məzuniyyət götürmək hüququ var. Eyni zamanda qanunvericilər və tənzimləyici qurumlar ev heyvanları üçün xəstəlik məzuniyyətinin verilməsi və aviareyslərin təhlükəsizliyinin artırılması istiqamətində tədbirlər görüblər.

Foto: harb

2017-ci ildə İtaliya məhkəməsi paytaxtın Sapienza Universitetində çalışan bir qadının tərəfində qərar verərək ona xəstə itinə qulluq etmək üçün ödənişli məzuniyyət almağa imkan yaradıb. Qərar İtaliyanın Cinayət Məcəlləsinin 727-ci maddəsinə əsaslanırdı ki, bu maddə heyvanları ağır vəziyyətdə tərk etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.

Ev heyvanlarına təcili tibbi yardım “ciddi şəxsi və ya ailəvi səbəb” kimi təsnif edilib və bu, əmək qanunvericiliyinə uyğun hesab olunur. Zamanla bu prinsip genişlənərək formal hüquqi baza yaradıb.

İtaliyada işçilər ev heyvanının təcili tibbi yardıma ehtiyacı olduğu halda ildə üç günədək ödənişli məzuniyyət götürə bilərlər. Bu ehtiyac heyvanın vəziyyətini ətraflı təsvir edən baytar arayışı ilə təsdiqlənməlidir. Qeydiyyatın təsdiqi üçün ev heyvanları çiplənmiş olmalıdır.

Bu növ məzuniyyət sosial təminat sistemləri ilə inteqrasiya olunub ki, bu da onun rəsmiləşdirilməsini asanlaşdırır. Qanun, əsasən, itlər və pişiklər üçün nəzərdə tutulur, baxmayaraq ki, konkret şərtlər işəgötürəndən asılı olaraq dəyişə bilər. Bu məzuniyyətdən yalnız əməliyyatdan sonrakı bərpa və ya kəskin xəstəliklər kimi ciddi hallarda istifadə etmək mümkündür.

İtaliyanın tənzimləyici qurumu ev heyvanlarının daşınması qaydalarını da yenidən nəzərdən keçirib. İndi orta və iri ölçülü itlər daxili reyslərdə sahibləri ilə birlikdə təyyarənin salonunda səyahət edə bilərlər. Əvvəllər yalnız oturacağın altına yerləşə bilən kiçik heyvanlara icazə verilib. İri it sahibləri əvvəlcədən yerləri bron etməlidirlər. Bundan əlavə, bütün daşımalar üçün heyvan pasportu, peyvəndlər və etibarlı şəkildə bərkidilmə tələb olunur.

Mənbə: habr
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et