ABŞ Prezidenti Donald Tramp İranın artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacağını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp
24Media.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib. ABŞ lideri bildirib ki, Vaşinqton və Tehran arasında sanksiyaların yumşaldılması ilə bağlı danışıqlar aparılır.
Tramp qeyd edib ki, ABŞ İranla sıx əməkdaşlıq etməyi planlaşdırır: “Uran zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının bütün qalıqları çıxarılacaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır”.
O əlavə edib ki, tərəflər arasında tariflər və sanksiyaların yumşaldılması ilə bağlı müzakirələr davam edir və 15 bənddən ibarət razılaşmanın əksər hissəsi artıq əldə olunub.
Qeyd edək ki, İran və ABŞ 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran tərəfi bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.
Aylin Bayraməliyeva
