Ankarada azərbaycanlı rəssamların “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı rəsm sərgisi təşkil olunub.
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılış mərasimində iştirak edən rəsmi şəxslər və sənət xadimləri
24Media.az “Report”a istinadən xəbər verir ki, sərgi Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində keçirilib.
Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, İYİ Partiya millət vəkili Ayyüce Türkeş, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, səfirliyin müşaviri Füzuli Məcidli, diplomatlar, incəsənət xadimləri və sənətsevərlər iştirak ediblər.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunan qısa film nümayiş olunub. Çıxış edənlər bu qələbənin incəsənət vasitəsilə təqdim edilməsinin əhəmiyyətini vurğulayaraq, belə layihələrin Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da güclənməsinə töhfə verdiyini bildiriblər.
Qeyd olunub ki, sərgidə 44 rəssamın əsəri nümayiş etdirilir və bu əsərlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ mövzusu geniş şəkildə əks olunub.
Sərgi çərçivəsində Azərbaycanın xalq rəssamı Arif Hüseynov da çıxış edərək, bu cür layihələrin tarixi zəfərin gənc nəsilə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Tədbirin sonunda qonaqlar sərgi ilə tanış olub, əsərlər barədə ətraflı məlumat alıblar. Bildirilib ki, sərgi aprelin 16-dək davam edəcək və gələcəkdə Türkiyənin digər şəhərlərində də təşkil olunması planlaşdırılır.
Aylin Bayraməliyeva
