Bu gün:

“Nar” inklüziv təcrübə proqramına ev sahibliyi edir


Mobil operator “Nar” əlilliyi olan şəxslərin peşəkar inkişafını dəstəkləmək və onların iş mühitinə inteqrasiyasını gücləndirmək məqsədilə təcrübə proqramı həyata keçirir.

“Nar” mobil operatorunun təcrübə proqramında iştirak edən gənclər və şirkət nümayəndələrinin birgə fotosu


24Media.az Report-a istinadən xəbər verir ki, sərfəli mobil operator “Nar” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin təşkilatçılığı ilə keçirilən “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir.

Məlumata görə, proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını təmin etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir.

Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.

Bu ay davam edəcək proqramda ümumilikdə 30 nəfər iştirak edir. Onlar “Nar”ın müxtəlif departamentlərində təcrübə keçərək real iş prosesi ilə tanış olur, gündəlik fəaliyyətlərdə iştirak edir və praktiki biliklərini artırırlar.

Şirkətdən bildirilib ki, “Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir və fərqli bacarıqlara malik şəxslər üçün bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir.

Qeyd olunur ki, bu kimi təşəbbüslər inklüziv korporativ mədəniyyətin inkişafına, həmçinin cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi üzrə Azərbaycanda lider mobil operatorlardan biri hesab olunur. Şirkət istifadəçilərinə sərfəli qiymətlərlə yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et