Dövlət Dumasının ekologiya, təbii resurslar və ətraf mühitin mühafizəsi üzrə komitəsi parlamentə bəzi növ ev heyvanlarının məcburi markalanmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib. Sənəd 2025-ci ilin sentyabrında Dövlət Dumasına təqdim olunub. Hökumət təşəbbüsü müəyyən iradların nəzərə alınaraq təkmilləşdirilməsi şərti ilə dəstəkləyib.

Foto: lifehacker.
Qanun layihəsi bəzi heyvanların itməsi halında onların tapılmasını asanlaşdırmaq, həmçinin küçəyə atılmış ev heyvanlarını izləmək məqsədilə onları boyunluqlar, nişanlar və mikroçiplərlə markalamağı təklif edir.
Sənəddə qeyd olunur ki, heyvanın sahibi markalanma vasitəsini müstəqil şəkildə seçə bilər və bu seçim səlahiyyətli federal orqan tərəfindən təsdiqlənmiş baytarlıq qaydalarına uyğun olmalıdır.
Bundan əlavə, qanunvericilik təşəbbüsü Rusiya Federasiyası hökumətinə qeydiyyat və markalanmanın tətbiq ediləcəyi ev heyvanlarının növlərinin siyahısını, qeydiyyat qaydasını, eləcə də baytarlıq sahəsində dövlət informasiya sisteminə çıxış tələblərini müəyyən etmək səlahiyyəti verməyi təklif edir.
Mənbə: kuban24.tv
Tərcümə etdi: Aysel Mehtizadə
