Bu gün:

Kanye Vest qadağası: “Wireless” ləğv edilib


Böyük Britaniyada amerikalı repçi Kanye Vestin ölkəyə girişinə icazə verilməyib, nəticədə Londonda keçirilməsi planlaşdırılan “Wireless” musiqi festivalı ləğv olunub.

“Wireless” musiqi festivalının təşkilatçıları bildiriblər ki, Kanye Vestin Böyük Britaniyaya səfər üçün etdiyi Elektron Səyahət İcazəsi müraciəti rəsmi qurumlar tərəfindən rədd edilib. Qərar onun əvvəllər səsləndirdiyi antisemitist fikirlərlə bağlı yaranmış siyasi mübahisələrin fonunda verilib.

Məlumata görə, repçi iyul ayında Londonda keçiriləcək festivalda çıxış etməli olub. Lakin onun ölkəyə girişinə qadağa qoyulması tədbirin keçirilməsini mümkünsüz edib və festival tamamilə ləğv edilib.

Təşkilatçıların açıqlamasında qeyd olunub ki, artıq bilet almış müştərilərə ödənişlər geri qaytarılacaq. Bildirilib ki, festival proqramı hazırlanarkən müxtəlif tərəflərlə məsləhətləşmələr aparılıb və həmin mərhələdə hər hansı narahatlıq qeydə alınmayıb.

“Antisemitizm bütün formaları ilə qəbuledilməzdir və bu məsələlərin insanların həyatına real və şəxsi təsirini anlayırıq”, - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, Kanye Vest son açıqlamasında yalnız sözlərin kifayət etmədiyini etiraf edib və buna baxmayaraq, Böyük Britaniyadakı yəhudi icması ilə dialoqa başlamaq üçün fürsət əldə etməyə ümid etdiyini bildirib.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et