Bu ilin ilk rübündə fiziki şəxslərə ödənilmiş ƏDV-nin əhəmiyyətli hissəsi geri qaytarılıb, həmçinin xarici vətəndaşlar üçün “tax free” mexanizmi üzrə ödənişlər də davam edib.
Mavi fon üzərində çek çap edən POS-terminal
24Media.az Report-a istinadən xəbər verir ki, yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə sahəsində fəaliyyət göstərən şəxslərdən alınmış mallara görə ödənilən ƏDV-nin 51 milyon 747,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Məlumata görə, bu qaytarılmalar neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla həyata keçirilib.
Eyni zamanda, ƏDV-nin geri qaytarılması teatr tamaşaları, film nümayişi, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi mədəni xidmətləri, həmçinin tibb müəssisələri və özəl praktikayla məşğul olan şəxslərin göstərdiyi tibbi xidmətləri də əhatə edib.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətləri üzrə ödənilən ƏDV də geri qaytarılan məbləğə daxildir.
Hesabat dövründə xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən geri qaytarılan ƏDV (“tax free”) məbləği isə 2 milyon 63,8 min manat təşkil edib.
Aylin Bayraməliyeva
