Mart-aprel aylarında Azərbaycanda yağıntıların normadan xeyli artıq olması kənd təsərrüfatında məhsuldarlığa təsirlə bağlı suallar yaradıb. Ekspertlər isə bildirirlər ki, təsir əsasən bitkinin inkişaf mərhələsindən asılı olacaq.
Sıralarda əkilmiş yaşıl kənd təsərrüfatı bitkilərini suvaran fermer
24Media.az Report-a istinadən xəbər verir ki, aqrar sahə üzrə ekspert Köçəri Həsənov intensiv yağışların xüsusilə çiçəkləmə dövründə olan meyvə ağacları üçün risk yaratdığını bildirib.
Onun sözlərinə görə, hazırda ərik, şaftalı və nektarin kimi ağaclar çiçəkləmə mərhələsindədir və güclü yağışlar tozlanma prosesinə mane olur: “Yağış damcıları çiçəklərə təzyiqlə düşdükdə tozlanma prosesi tam baş vermir. Bu isə məhsuldarlığın azalmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, narın yağışlar problem yaratmasa da, intensiv yağıntılar bəzi bölgələrdə məhsuldarlığa mənfi təsir göstərə bilər. Xüsusilə sel hadisələrinin baş verdiyi ərazilərdə ağacların su altında qalması ciddi ziyanla nəticələnir.
K.Həsənov əlavə edib ki, yaz yağışları normal şəraitdə torpaq üçün faydalıdır və bitkilərin inkişafını stimullaşdırır. Lakin suyun göllənməsi və uzun müddət sahədə qalması bitkilər üçün təhlükəlidir. Onun sözlərinə görə, sahələrini sığortalayan fermerlər bu cür risklərdən daha az zərər görür.
Ekspert həmçinin bildirib ki, intensiv yağıntılardan sonra göbələk xəstəliklərinin qarşısını almaq üçün bitkilərin mütəxəssis nəzarəti altında dərmanlanması vacibdir. Bununla belə, ağaclar nəm olduqda və yağış ehtimalı davam etdikdə dərmanlama aparmaq effektiv hesab olunmur və uyğun hava şəraiti gözlənilməlidir.
Digər ekspert Cəfər İbrahimli isə bildirib ki, mövcud yağıntılar dənli bitkilər üçün əsasən müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycanın bir çox ərazisində payız əkini aparıldığı üçün bu yağışlar xüsusilə arpa və buğdanın inkişafına kömək edir.
O qeyd edib ki, yaz əkinləri üçün də torpaqda yaranan nəmlik bitişin yaxşı alınmasına şərait yaradır. Lakin erkən çiçəkləyən meyvə ağaclarında mayalanma prosesində çətinliklər yarana bilər.
Ekspertlərin ümumi rəyinə görə, təbii fəlakətlər və sel hadisələri istisna olmaqla, hazırkı yağıntıların kənd təsərrüfatına təsiri qarışıqdır – bəzi sahələrdə mənfi, bəzi sahələrdə isə müsbət nəticələr müşahidə oluna bilər.
Aylin Bayraməliyeva
