Bu gün:

“Kuba siyasətdə dönüş nöqtəsinə qədəm qoyub”


24media.az-ın budəfəki müsahibi politoloq Xəqani Cəfərlidir. O, Kubanın dəyişən geosiyasi mövqeyi və ABŞ ilə münasibətlərin mümkün inkişafı barədə danışıb.

Kuba və ABŞ bayraqları


- Kuba nə üçün ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb və bu addım ölkənin xarici siyasətində dəyişiklik sayılır?


"Sovet İttifaqının dağılmasından 35 il keçməsinə baxmayaraq, inersiya(əvvəlki prosesin bir müddət vərdişlə, köhnə təkanla davam etməsi) davam edirdi. Buna görə Kuba da daxil olmaqla, bir sıra ölkələr Rusiyanın təsir dairəsi olaraq qəbul edilirdi. İndi isə bu inersiya başa çatır. Suriya, Kuba, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən proseslər inersiyanın başa çatmasının nəticəsidir. Belə görünür ki, Kuba rəhbərliyi də bu gerçəkliyi anlamağa başlayıb. ABŞ ilə dialoqa hazır olduqları haqqında açıqlama bunu təsdiq edir. Kubanın xarici siyasəti də, daxili siyasəti də zamanla dəyişəcək. Bunun alternativi yoxdur. Sovet İttifaqı 35 il əvvəl dağılıb və onu əvəz edə biləcək alternativ mövcud deyil. Çinin ikinci Sovet İttifaqı olacağı ilə bağlı gözləntilər də özünü doğrultmadığı üçün Kuba kimi ölkələrin alternativ seçimləri yoxdur".


- ABŞ Kubanın dialoq çağırışına necə reaksiya verə bilər və bu addım beynəlxalq münasibətlər baxımından nə dərəcədə önəmlidir?


"ABŞ çox güman ki, Kubada rejim dəyişikliyi baş verənə və yaxud da rejim siyasətini kəskin dəyişənə qədər təzyiqləri davam etdirəcək. Kuba beynəlxalq münasibətlərə kəskin təsir etmək gücündə olan ölkə deyil. Ona görə də onun bu addımı beynəlxalq münasibətlər baxımından ciddi əhəmiyyət kəsb etmir. Kubada baş verənlər Venesuela və Meksikada baş verənlər kimi regional əhəmiyyət daşıyır".


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et