2026-cı il aprelin 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisinin açılış mərasimində iştirak edib.
24Media.az xəbər verir ki, tədbir Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində təşkil olunub. Sərgi Azərbaycan Respublikasının təşəbbüsü ilə həyata keçirilir və ölkənin ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin Azərbaycanda təhsilə cəlb olunması, eləcə də universitetlərarası əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Açılış mərasimində çıxış edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek iki ölkə arasında ali təhsil, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar. Həmçinin, Azərbaycan ali təhsil sisteminin beynəlxalq platformalarda təşviqinin əhəmiyyətinə diqqət çəkilib.
Sərgidə iştirak edən MDU-nun rektoru Anar Eminov qeyd edib ki, bu cür təşəbbüslər Azərbaycanın ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması və təhsil brendinin gücləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, “Study in Azerbaijan” platforması çərçivəsində keçirilən təqdimatlar və birbaşa ünsiyyət imkanları xarici tələbələrin daha məlumatlı seçim etməsinə, universitetlərin isə yeni tərəfdaşlıqlar qurmasına şərait yaradır.
Tədbir çərçivəsində MDU nümayəndə heyəti sərgi iştirakçıları ilə görüşlər keçirib, universitetin tədris imkanları, ixtisas proqramları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib. Eyni zamanda, tələbə mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, “Study in Azerbaijan” sərgisi çərçivəsində təqdimatlar, maarifləndirici sessiyalar və birbaşa görüşlər vasitəsilə Azərbaycanın təhsil potensialı beynəlxalq auditoriyaya çatdırılır.
Aylin Bayraməliyeva
