Avropada yanacaq çatışmazlığı aviasiya sektoruna ciddi təsir göstərməyə başlayıb, artıq bəzi hava limanlarında uçuşlar ləğv edilir və sərnişinlər alternativ marşrutlar axtarmağa məcbur qalırlar.
Aeroportda uçuş zolağında düzülmüş müxtəlif aviaşirkətlərə məxsus təyyarələr
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünya bazarında yaranan yanacaq çatışmazlığı təkcə benzin və dizel qiymətlərinin artımı ilə məhdudlaşmır, artıq böhran genişlənərək aviasiya sektoruna da təsir edir.
Məlumata görə, Londonun “Hitrou” hava limanı və Böyük Britaniyanın digər hava limanlarında yanacaq problemi səbəbindən uçuşların ləğvinə başlanılıb. London birjasında təyyarələr üçün istifadə edilən reaktiv yanacağın qiyməti rekord həddə – metrik ton üçün 1900 dollara yüksəlib.
“Skybus” aviaşirkətinin yanacaq qiymətlərinə görə bəzi marşrutları dayandırması sərnişinlər üçün əlavə çətinliklər yaradıb. Belə ki, sərnişinlər birbaşa reyslər əvəzinə bir neçə transferlə uçuş etməyə məcbur qalırlar.
“The Times” qəzetinin yazdığına görə, yanacaq böhranı artıq Fransanın hava limanlarına da təsir etməyə başlayıb. Böyük Britaniyadan sonra ən ciddi yanacaq çatışmazlığı məhz Fransada müşahidə olunur.
İqtisadçı-analitik Corc Şounun sözlərinə görə, yaxın 6 ay ərzində Portuqaliya, Macarıstan, Danimarka, İtaliya, Almaniya, Fransa və İrlandiyada reaktiv yanacaq ehtiyatlarının tükənməsi ehtimalı var.
“Airlines for Europe” təşkilatının icraçı direktoru Riker Georgutsakou isə bildirib ki, Hörmüz boğazının bağlı qalması və bölgədəki hərbi əməliyyatların davam etməsi vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, yanacaq təchizatında gecikmələr bir neçə həftə də davam etsə, ciddi problemlər yarana bilər.
Qeyd edilir ki, Avropanın bir sıra aviaşirkətləri iyun və iyul aylarında uçuşların təxminən 10 faizini təxirə salmağı planlaşdırır. Bu isə şirkətlərin gəlirlərinə mənfi təsir göstərməklə yanaşı, dövlət büdcələrinə daxilolmaları da azalda bilər.
Ekspertlər bildirirlər ki, nəqliyyat xərclərinin artması istehlak mallarının qiymətlərinin yüksəlməsinə, inflyasiyanın artmasına və milli valyutaların dəyərdən düşməsinə səbəb olur.
Beləliklə, Hörmüz boğazında yaranmış gərginlik qlobal iqtisadiyyata geniş təsir göstərir və bu təsir artıq Avropada ciddi böhran şəklində özünü büruzə verməyə başlayıb.
Aylin Bayraməliyeva
