Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, işəgötürənlərin bərabər əməkhaqqı ilə bağlı öhdəlikləri genişləndirilir.
24Media.az Report-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, işəgötürənlər eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı ödəməyə borclu olacaq. Bu yanaşma əməkhaqqı sistemində daha ədalətli mexanizmlərin tətbiqini nəzərdə tutur.
Qeyd olunur ki, işin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan tarif-ixtisas göstəriciləri nəzərə alınmaqla müəyyən ediləcək.
Sənəddə vurğulanıb ki, mövcud qanunvericilikdə bu prinsip əsasən “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur. Təklif edilən dəyişikliklər isə bu anlayışı genişləndirərək bərabər dəyərli işlərə görə də eyni əməkhaqqının ödənilməsini təmin etməyə yönəlib.
Bildirilir ki, dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyası və Avropa Sosial Xartiyasından irəli gələn öhdəliklərə uyğun olaraq hazırlanıb və əməkhaqqı sahəsində gender bərabərliyinin gücləndirilməsinə xidmət edir.
Bundan əlavə, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, eyni ixtisas dərəcəsinə malik, eyni şəraitdə çalışan və bərabər dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı və digər ödənişlər eyni qaydada verilməlidir.
Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, əməkhaqqı sistemində ayrı-seçkiliyin qarşısının alınması daha da gücləndiriləcək.
Aylin Bayraməliyeva
