İsti havaların gəlməsi ilə ev heyvanları ilk çıxan otlara daha çox maraq göstərir ki, bu da sahibləri narahat edir. İt və ya pişiyə hansı otlar faydalıdır? Bu barədə “Gazeta.ru”ya təbii yem istehsalçısı olan "Superpet" şirkətinin eksperti, baytar Yelena Frolenko məlumat verib.

Onun sözlərinə görə, ot yeməyə maraq təbiidir. Bu, həzmi yaxşılaşdırır, mədə-bağırsaq sisteminə kömək edir və mədəni təmizləyir. Yaşıllıq fol turşusu, xlorofil, vitamin və mikroelementlərlə zəngindir.
Lakin şəhər daxilində heyvanların ot yeməsinə icazə vermək məsləhət deyil, çünki otlarda duzlar, reagentlər və ağır metallar ola bilər. Ən təhlükəsiz yol faydalı yaşıllıqları rasiona evdə əlavə etməkdir.
“Cücərdilmiş yulaf, arpa və buğda uyğundur. Həmçinin yaxşı yuyulmuş zəncirotu yarpaqları qaraciyər üçün faydalıdır”, – deyə Frolenko bildirib. Onun sözlərinə görə, şüyüd, cəfəri, gicitkən, nanə və ispanaq da az miqdarda verilə bilər.
Eyni zamanda, soğan, sarımsaq, ravənd, eləcə də lalə, nərgiz və zanbaq kimi bitkilər heyvanlar üçün təhlükəlidir və ciddi problemlər yarada bilər.
Otları rasiona qatmaq üçün onları xırdalamaq lazımdır. Kiçik miqdardan başlayaraq heyvanın reaksiyasını yoxlamaq tövsiyə olunur. Küçədən yığılmış otlardan istifadə etmək olmaz – parazit və zədələnmə riski var. Ən yaxşı variant yaşıllığı evdə yetişdirməkdir.
Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə
