Şəki şəhərində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

24media.az informator.az-a istinadən xəbər verir ki,aprelin 3-də Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbi, Şəki şəhər Heydər Əliyev Mərkəzi və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Milli şərəf salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə rəsmi şəxslər, şəhid ailələri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq bu qələbənin xalqımızın qəhrəmanlıq ruhunun göstəricisi olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, şeirlər təqdim olunub, Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Aprel döyüşləri Azərbaycanın tarixində şanlı səhifə kimi yadda qalıb.
2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Azərbaycan Ordusu əks-həmlələrlə düşmənin təxribatlarının qarşısını alıb.
Döyüşlər nəticəsində bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri düşməndən azad edilib. Bu hadisələr Azərbaycan Ordusunun gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirib.
Fidan Ağayeva
