Azərbaycanda vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər bəzi hallarda ictimaiyyət tərəfindən yanlış şərh olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov
24Media.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə bildirib.
Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi vergi yükünü artırmaq deyil, onu optimallaşdırmaq və sahibkarlıq mühitini daha da yaxşılaşdırmaqdır. N. İmanov qeyd edib ki, muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşdırılmasına xidmət edir.
O, kirayə gəlirləri ilə bağlı yaranan yanlış təsəvvürlərə də aydınlıq gətirib. Bildirib ki, bu gəlirlər əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 % idi. Yeni dəyişikliklərlə isə bu göstərici 10 %-ə endirilib. Məqsəd kirayə bazarında vergi yükünü azaltmaqla leqallaşmanı təşviq etməkdir.
N. İmanov vergi nəzarəti ilə bağlı üfüqi monitorinq mexanizminin mahiyyətini də izah edib. Onun sözlərinə görə, bu mexanizm yeni yoxlama forması deyil və könüllülük prinsipi əsasında tətbiq olunur. Üfüqi monitorinqə qoşulan vergi ödəyicilərinin riskləri sığortalanır və həmin dövr üzrə səyyar vergi yoxlaması aparılmır.
Qeyd olunub ki, bu yanaşmalar vergi orqanları ilə biznes subyektləri arasında etimadın gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edir.
Aylin Bayraməliyeva
