Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı ödənişlərin şəxsi bank hesablarına yönəldilməsi vergi riskləri yaradıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmisi Anar Cabbarov
24Media.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmisi Anar Cabbarov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə bildirib.
Onun sözlərinə görə, fəaliyyət şəxsi vəsait hesabına həyata keçirilirsə və sahibkarlıq fəaliyyəti ilə bağlı deyilsə, bu halda həmin əməliyyatlar üzrə vergi öhdəliyi yaranmır.
A.Cabbarov qeyd edib ki, bəzi hallarda sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər şəxsi kart hesablarına köçürülür: “Belə hallarda vergi orqanları tərəfindən araşdırma aparılır. Müvafiq məlumatlar daxil olduqda əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması qiymətləndirilir, zərurət yarandıqda şəxsdən izahat və təsdiqedici sənədlər tələb olunur. Əgər təqdim edilən məlumatlar vergi orqanını qane etməzsə və əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu müəyyən edilərsə, bu zaman müvafiq vergilər hesablanır”.
O əlavə edib ki, şəxsi hesablar vasitəsilə həyata keçirilən fərdi xərclər və şəxsi vəsait dövriyyəsi vergi predmetinə daxil edilmir. Bu baxımdan hər bir əməliyyat ayrıca qiymətləndirilir.
Aylin Bayraməliyeva
