Bu gün:

Çində ev heyvanları üçün televiziya kanalı istifadəyə verilib


Çinin "Tencent Video" videoplatforması ev heyvanlarının sahibləri evdə olmadıqda psixoloji dəstək göstərmək məqsədilə nəzərdə tutulmuş “Pet TV” adlı bölməni test rejimində istifadəyə verib. Bu barədə Kazinform agentliyinin Pekindəki xüsusi müxbiri yerli mediaya istinadən məlumat yayıb.

Kanal, Tencent Video.

Kanal smart televizorlar və planşet istifadəçiləri üçün əlçatandır. Test dövründə aylıq təxminən 3,6 ABŞ dolları məbləğində abunə haqqı ödəyən VIP istifadəçilər bu kanala pulsuz giriş əldə edirlər.

Platformanın kontenti it və pişiklərin qavrama xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Buraya xüsusi rəng çalarları və səs tezliyi daxildir. Kitabxanaya xarici DOGTV kanalının materialları da əlavə olunub.

Tərtibatçılar bildirirlər ki, statistikaya əsasən, ev heyvanı sahiblərinin 60%-dən çoxu heyvanlarda stressi azaltmaq üçün televizoru açıq qoyur. Aparılan daxili testlər göstərir ki, halların 85%-də belə videoməzmun heyvanların narahatlığını azaltmağa və ev əşyalarının qorunmasına kömək edir.

Sahə üzrə mütəxəssislər bu addımı iri videoplatformaların auditoriya artım tempinin zəifləməsinə uyğunlaşmaq cəhdi kimi qiymətləndirirlər. 2025-ci ildə Tencent Video-nun ödənişli abunəçilərinin sayı bir rübdə 3 milyon nəfər azalıb ki, bu da platformanı yeni niş bazarlar axtarmağa vadar edir.

Mənbə: inform
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et