Bu gün:

Elm təbiətdə istirahətin psixikaya təsirini göstərib


Yeni tədqiqat göstərib ki, musiqi ilə təbiətdə vaxt keçirməyin birləşdirilməsi insanın emosional və fiziki vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

İnsan və təbiət, naukatv.

“Frontiers in Human Neuroscience” jurnalında dərc olunan məqalədə ABŞ-nin Corc Meyson Universitetinin alimləri səslərin, qoxuların, vizual obrazların və toxunma hisslərinin birləşdirilməsinə əsaslanan, insanı anın içində saxlayan metod üzrə araşdırmaların nəticələrini ümumiləşdiriblər.

Tədqiqatın birinci müəllifi Mişel Hendin sözlərinə görə, musiqi və təbiətin kombinə olunmuş terapevtik istifadəsi insanın özünüifadəsini gücləndirir, narahatlıq, stress və depressiya əlamətlərini azaldır, eyni zamanda ümumi emosional rifahı yaxşılaşdırır.

Meta-analiz çərçivəsində alimlər altı müxtəlif bazadan 884 elmi nəşri təhlil edərək, musiqi və təbiətin birlikdə tətbiq olunduğu səkkiz ən əhəmiyyətli rəyli tədqiqatı seçiblər. Bu proqramlarda iştirakçılar açıq havada mahnı oxuyur, rəqs edir, heyvanlara və ya bağa qulluq edir, yaxud təbiətdə musiqi dinləyirdilər. Bu fəaliyyətlərin hamısı psixi sağlamlığa və koqnitiv funksiyalara müsbət təsir göstərib.

Tədqiqatçılar qeyd edirlər ki, bu cür yanaşmalar xüsusilə yaşlı insanlar, veteranlar, əlilliyi olan şəxslər və travmatik təcrübə yaşamış insanlar üçün faydalıdır. Dərman müalicəsindən fərqli olaraq, təbiət və musiqiyə əsaslanan terapiya daha əlçatan, ucuz və fərdi ehtiyaclara asan uyğunlaşdırılandır.

Mənbə: naukatv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et