Bu gün:

BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib


“British Petroleum” (BP) şirkəti Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan üzərindən ixracını nəzərdə tutan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazır olduğunu açıqlayıb.

BP şirkətinin loqosu


24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin baş geoloqu Bağır İbrahimov məlumat verib.

Onun sözlərinə görə, martın sonunda BP-nin regional rəhbərliyi “Azərbaycan–Qazaxıstan–Türkmənistan” enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.

Bağır İbrahimov bildirib ki, şirkət Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Bu çərçivədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəqli və sonradan Cənub Qaz Dəhlizinə qoşulması mümkün olacaq.

Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi baxımından mühüm vasitələrdən birinə çevrilə bilər. Qeyd olunub ki, Qazaxıstan bu layihədə hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.

Geoloq xatırladıb ki, Qazaxıstanın “KazMunayQaz” milli şirkəti ilə “BP Exploration Operating Company Limited” arasında Mangistau vilayətində yerləşən perspektivli “Üstyurt” blokunun geoloji kəşfiyyatı və işlənməsi üzrə əməkdaşlıq sazişi imzalanıb.

Bildirilib ki, layihə çərçivəsində Üstyurt hövzəsində genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Proqram 2D və 3D seysmik tədqiqatları, həmçinin 2026–2029-cu illərdə bir sıra dərin kəşfiyyat quyularının qazılmasını əhatə edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et