Bu gün:

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək


Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində kalsinasiya və anodbişirmə zavodunun tikintisi planlaşdırılır.24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, zavodun tikintisi Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanacaq texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq həyata keçiriləcək. Layihə üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi və işlərin icrası aidiyyəti dövlət qurumları ilə birgə təmin olunacaq.

Sənəddə həmçinin metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət yarandığı halda əlavə torpaq sahələrinin ayrılması və müəssisələrin elektrik enerjisi ilə təminatı istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.

Bildirilib ki, ölkədə yaradılması planlaşdırılan Qərb Sənaye Parkı dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan verəcək.

Sərəncama əsasən, Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi sahənin istehsal və ixrac potensialını artıracaq.

Qeyd olunub ki, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında əlaqələrin gücləndirilməsi, infrastruktur və logistika həllərinin uzlaşdırılması, həmçinin dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlərə ehtiyac var.

Sərəncamda vurğulanır ki, qlobal enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın artması bu sahənin strateji əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın zəngin mineral ehtiyatları, enerji təminatı və nəqliyyat imkanları isə sənayenin davamlı inkişafı üçün əlverişli şərait yaradır.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et