İtaliyanın müdafiə naziri Qvido Krozetto ABŞ hərbi təyyarələrinin Yaxın Şərqdəki əməliyyatlar üçün Siciliyadakı Siqonella bazasından istifadəsinə icazə verməyib.
24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Bildirilib ki, qərar ABŞ komandanlığının bombardmançı təyyarələr artıq havada olduğu vaxt onların enişini razılaşdırmağa cəhd etməsindən sonra qəbul edilib.
İtaliya Müdafiə Baş Qərargahının məlumatına görə, uçuş planı Yaxın Şərqə istiqamətlənən təyyarələrə yanacaq doldurulmasını nəzərdə tuturdu. Lakin bu məsələ ilə bağlı İtaliya tərəfi ilə əvvəlcədən məsləhətləşmə aparılmayıb və rəsmi icazə sorğusu təqdim edilməyib.
Yoxlamanın nəticələrinə əsasən, həmin uçuşların logistik xarakter daşımadığı və Roma ilə Vaşinqton arasında mövcud müqavilələrin əhatə dairəsinə daxil olmadığı müəyyən edilib. Bununla əlaqədar Müdafiə Qərargahının rəisi Luçano Portolano nazirin tapşırığı ilə enişə qadağa tətbiq edib.
İtaliya Müdafiə Nazirliyində bildirilib ki, beynəlxalq sazişlərdə nəzərdə tutulmayan hərbi əməliyyatlar ölkə parlamentinin təsdiqini tələb edir. Eniş yalnız göyərtədə fövqəladə vəziyyət yarandığı halda mümkün ola bilər.
Aylin Bayraməliyeva
