Bu gün:

Minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdü təsis edilib


Minatəmizləmə zamanı həlak olan və ya aldığı xəsarətdən həyatını itirən şəxslərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü veriləcək.

Prezident İlham Əliyev

24Media.az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib.

Təqaüd minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya aldığı xəsarətdən vəfat edən minatəmizləyənlərin ailə üzvlərinə ödəniləcək. Məbləğ onların sayına uyğun olaraq bərabər hissələrə bölünəcək.

Sənədə əsasən, təqaüd aşağıdakı şəxslərə şamil olunur: dul həyat yoldaşı və valideynlər; 18 yaşınadək övladlar (təhsil alanlar üçün 23 yaşadək), eləcə də əlilliyi olan övladlar və uşaq evlərində tərbiyə olunan qardaş və bacılar; digər birinci növbə qohumları olmadıqda baba və nənələr.

Qeyd olunub ki, təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həmin nazirlik tərəfindən ödəniləcək.

Fərman həmçinin qüvvəyə mindiyi tarixədək minatəmizləmə zamanı həlak olmuş və ya sonradan aldığı xəsarətlər nəticəsində vəfat etmiş şəxslərin ailə üzvlərinə də şamil edilir və ödənişlər bu tarixdən sonrakı dövr üçün həyata keçiriləcək.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et