Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb və sənətkarın Azərbaycan mədəniyyətindəki xidmətlərini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev
24Media.az Report-a istinadən xəbər verir ki, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi qeyd olunub.
Bildirilib ki, milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü Rasim Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat edib.
Sənəddə qeyd olunub ki, 1948-ci ildə Ağsu şəhərində anadan olan Rasim Balayev Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, fəaliyyətinə isə Tədris Teatrında başlayıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan aktyor Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilib.
Nekroloqda vurğulanıb ki, Rasim Balayevin yaratdığı obrazlar milli kino tarixində xüsusi yer tutur. Onun ifasında canlandırılan Babək və Nəsimi kimi tarixi obrazlar Azərbaycan kinematoqrafiyasının ən uğurlu nümunələri hesab edilir.
Eyni zamanda qeyd edilib ki, sənətkar yalnız aktyor kimi deyil, həm də ictimai xadim kimi tanınıb, milli-mənəvi dəyərlərin qorunmasına töhfə verib.
Rasim Balayevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, o, müxtəlif illərdə fəxri adlara və mükafatlara, o cümlədən “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Nekroloqda qeyd olunub ki, görkəmli sənətkarın xatirəsi xalqın yaddaşında daim yaşayacaq.
Aylin Bayraməliyeva
