Bu gün:

Bakıda güclü yağışlardan sonra genişmiqyaslı iməcilik keçirilib


Paytaxtda yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması və sanitar-təmizlik səviyyəsinin yüksəldilməsi məqsədilə genişmiqyaslı iməcilik təşkil olunub.

Bakıda xüsusi texnika və işçilər tərəfindən küçələrin yuyulması


24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, səhər saatlarından etibarən kommunal xidmətlərin texnikası əsas küçə və prospektlərin yuyulmasını həyata keçirib. Bu zaman ətraf mühitə zərər verməyən yuyucu vasitələrdən istifadə olunub, eyni zamanda məhəllədaxili və ara yollar da təmizlənib.


Həmçinin küçə və prospektlərdə səki kənarları, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət yerlərindəki oturacaqlar yuyulub, yaşayış məhəllələrində təmizlik işləri aparılıb. İctimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.


Bununla yanaşı, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən yol kənarlarında yerləşən ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, üzərlərində toplanan toz-torpaq yuyulub, zədələnmiş budaqlar budanıb, ərazilərdə müxtəlif güllər əkilərək kompozisiyalar yaradılıb.


Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et