Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib.
24Media.az Report-a istinadən xəbər verir ki, bəyanatda tarix boyu azərbaycanlıların etnik təmizləmə və soyqırımı siyasətinə məruz qaldığı vurğulanıb.
Qeyd olunub ki, xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr minlərlə dinc insanın milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsi ilə nəticələnib və bu hadisələr xalqımızın tarixində dərin iz buraxıb.
Bəyanatda Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınların azərbaycanlı əhalinin həmin ərazilərdəki tarixi mövcudluğunu aradan qaldırmağa yönəldiyi bildirilib.
Vurğulanıb ki, arxiv materialları və tarixi sənədlər bu hadisələrin planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübut edir və törədilmiş cinayətlər beynəlxalq hüquqa əsasən soyqırımı kimi qiymətləndirilməlidir.
Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı törədilmiş bu cinayətləri tanımağa və onlara hüquqi-siyasi qiymət verməyə çağırıb.
Bəyanat BMT və onun müxtəlif qurumlarına, Avropa və digər beynəlxalq təşkilatlara, eləcə də müxtəlif ölkələrin ombudsmanlarına və insan hüquqları institutlarına göndərilib.
Aylin Bayraməliyeva
