Bu gün:

Xalq artisti Rasim Balayev vəfat edib


Azərbaycanın görkəmli kino aktyoru, Xalq artisti Rasim Balayev 77 yaşında vəfat edib.

Azərbaycanın görkəmli kino aktyoru və  Xalq artisti Rasim Balayev

24Media.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib. Məlumata görə, o, bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı.

Aktyorun oğlu Asim Balayev xəbəri təsdiqləyib. O bildirib ki, mərhumun nəşinin Azərbaycana gətiriləcəyi vaxt hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və Azərbaycan kinosunun tanınmış simalarından biri kimi yadda qalıb. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla geniş tamaşaçı sevgisi qazanıb.

Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Rasim Balayev Azərbaycan kinosunun inkişafında mühüm rol oynayıb və uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyət göstərib. 2022-ci ildən etibarən qurumun İdarə Heyətinin sədri idi.

Sənətkarın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, eləcə də Dövlət Mükafatına layiq görülüb, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et