İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında cümə axşamı telefon danışığı baş tutub.
İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş
24Media.az Report-a istinadən xəbər verir ki, telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub. Əraqçi İranın milli təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiə yolu ilə qorumaqda qətiyyətli olduğunu BMT Baş katibinin diqqətinə çatdırıb.
İranın XİN başçısı Hörmüz boğazındakı mövcud durum barədə məlumat verərək, rəsmi Tehran tərəfindən gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü bildirib.
BMT Baş katibi isə ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb və regionda müharibə və qırğınların davam etməsindən ciddi narahatlığını ifadə edib.
Qeyd olunur ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatından sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başlamış, İran qüvvələri isə İsrail və regiondakı ABŞ bazalarına raket atmışdır. Həmin dövrdə Yaxın Şərqdəki vəziyyət səbəbindən bəzi ölkələr hava məkanını müvəqqəti bağlayıblar.
Əvvəllər ABŞ-ın Yaxın Şərqdəki münaqişəni tənzimləmək məqsədilə İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi də bildirilib.
Aylin Bayraməliyeva
