Martın 28-də Azərbaycanda “Yer saatı” beynəlxalq kampaniyası çərçivəsində kütləvi aksiya təşkil olunacaq və bir çox qurumlar binalarının işıqlarını bir saatlıq söndürəcək.
24Media.az Report-a istinadən xəbər verir ki, aksiya IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə baş tutacaq.
Bildirilib ki, kampaniyaya qoşulan qurum və təşkilatlar yerli vaxtla saat 20:30-dan etibarən binalarının fasad işıqlarını bir saat müddətinə söndürəcəklər.
Qeyd edək ki, bu il dünyada “Yer saatı” aksiyasının 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal təşəbbüsə 2011-ci ildə qoşulub və həmin vaxtdan etibarən kampaniya hər il ölkədə keçirilir.
Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkatlardan biri sayılan “Yer saatı” iqlim dəyişikliyi ilə mübarizə məqsədilə milyonlarla insanı səfərbər edir. İlk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində başladılan bu təşəbbüs hazırda dünyanın əksər ölkələrində və minlərlə şəhərində qeyd olunur.
Hər il mart ayının son şənbə günü keçirilən aksiya çərçivəsində iri şəhərlərdə yerləşən məşhur binaların işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi şəkildə aksiyaya qoşularaq ətraf mühitin qorunmasına dəstək nümayiş etdirir.
IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu hər kəsi martın 28-də saat 20:30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa çağırır.
Aylin Bayraməliyeva
