Portuqaliyanın Aveyru Universitetinin dəniz heyvanlarının reabilitasiyası mərkəzi (CRAM-Ecomare) yanvarın sonundan fevral ayına qədər pis hava şəraiti dövründə mərkəzə gətirilən heyvanların sayında artım qeydə alıb. Bu barədə xidmətin baytarı məlumat verib.

Mərkəzin baytarı Fransiska Hilario bildirib ki, qısa müddət ərzində çox sayda heyvan gətirilib və bu, fırtınalı hava ilə üst-üstə düşüb. Onun sözlərinə görə, əvvəlki vaxtlarda həftədə maksimum dörd heyvan gətirilirdisə, son iki həftədə bu rəqəm 50-yə çatıb.
Yanvarın sonundan etibarən Portuqaliyada ekstremal hava şəraitinin təsiri hiss olunmağa başladıqdan sonra reabilitasiya mərkəzlərinə daxil olan heyvanların sayı artıb.
Ən çox zərər görənlər dəniz quşlarıdır. Xüsusilə puffinlər (dəniz tutuquşuları) ağır vəziyyətdə və ya artıq ölü halda mərkəzə gətirilir.
Məlumata görə, bu quşların sağ qalma faizi təxminən 25%-dir. Çünki onların əksəriyyəti çox kritik vəziyyətdə gətirilir və ilk 24 saat ərzində tələf olur.
Baytar qeyd edib ki, puffinlər çox həssas növdür və onların reabilitasiyası olduqca çətindir. Ölüm səbəblərini müəyyən etmək isə çox vaxt mümkün olmur.
Mənbə: theportugalnews
Tərcümə etdi: Aysel Mehtizadə
