Bu gün:

Rusiyada heyvan vaksinləri çatışmır


Rusiyada it və pişiklər üçün həyati əhəmiyyətli vaksinlərin kəskin çatışmazlığı yaranıb. İdxal olunan preparatların yerli analoqlarının qiyməti iki dəfə artıb, lakin onların istehsalı tələbatı ödəmək üçün kifayət etmir.

İtə iynə vurulur, vetunion. 

Milli Baytarlıq Palatasının direktoru Aleksandr Fomin bildirib ki, xaricdən sifariş edilən vaksinlər sanksiyalar səbəbindən aylarla gecikir. Problemlər 2022-ci ildə başlayıb, bir il sonra isə ehtiyatlar tükənib. Bazarın yarıdan çoxunu quduzluq da daxil olmaqla bir sıra xəstəliklərə qarşı qoruyan xarici kompleks vaksinlər təşkil edib. 2023-cü ildən etibarən isə Rusiyaya bu cür preparatların tədarükü demək olar ki, tam dayandırılıb.

Hazırda xarici vaksinlər bir neçə ay öncədən sifariş olunur və Rusiyaya əsasən Belarus üzərindən, kiçik partiyalarla gətirilir. Bir çox preparatların daşınması üçün ciddi qaydalar mövcuddur, bu da keyfiyyətsiz və ya yararsız məhsul riski yaradır.

Rusiyada yerli analoqlar mövcuddur, lakin onların istehsal həcmi tələbatın yalnız yarısını qarşılayır. Ekspertlərin məlumatına görə, 2025-ci ildə bazarın tutumu təxminən 25 milyon doza olduğu halda, ölkədə cəmi 12 milyon doza istehsal edilib. Buna baxmayaraq, biznes istehsalı genişləndirməyə tələsmir — onlar idxalın bərpa olunacağını gözləyir və alıcıların yerli məhsullara üstünlük verməyəcəyini düşünürlər.

Mövcud vəziyyət fonunda it və pişiklərin vaksinasiyası xeyli bahalaşıb: Moskvada əvvəl 1000–1500 rubl olan qiymətlər indi idxal vaksinləri üçün 5000–8000 rubla, yerli preparatlar üçün isə 3500–4500 rubla yüksəlib. 

Mənbə: vremya.press 
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et