Almaniyada aptek sektorunda çalışanlar maaş və xidmət haqlarının artırılması tələbi ilə ümummilli etiraz aksiyası keçirirlər.
Aptek binasının xarici görünüşü
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya çərçivəsində Berlin, Münxen, Düsseldorf və Hannover şəhərlərində etirazlar təşkil olunub, bir çox bölgədə apteklərin fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla belə, dərman təminatında fasilə yaranmaması üçün növbətçi apteklər işini davam etdirir.
Aptek nümayəndələri bildirirlər ki, uzun müddətdir artırılmayan xidmət haqları yenilənməlidir. Onların əsas tələbi hər dərman qablaşdırmasına görə müəyyən edilən sabit ödənişin 8,35 avrodan 9,50 avroya yüksəldilməsidir.
Qeyd olunur ki, bu məsələ hakim koalisiya tərəfindən əvvəlcədən razılaşdırılsa da, qanuni tibbi sığorta fondlarının maliyyə vəziyyəti ilə əlaqədar icrası təxirə salınıb. Almaniyanın səhiyyə naziri isə artımın yaxın vaxtlarda həyata keçirilməsi üçün addımlar atılacağını bildirib.
Rəsmi statistikaya görə, ölkədə apteklərin sayı son illərdə azalır. Belə ki, 2025-ci ilin sonuna Almaniyada 16 601 aptek fəaliyyət göstərib ki, bu da əvvəlki illə müqayisədə 440 vahid azdır.
Aylin Bayraməliyeva
