Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə beynəlxalq səviyyədə tanınaraq regionun aparıcı hava limanlarından biri statusunu təsdiqləyib.
"Skytrax World Airport Awards 2026" qalibiyyətini simvolizə edən iki qızılı medal təsviri
24Media.az “Report”a istinadən xəbər verir ki, hava limanı “Skytrax World Airport Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafat Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Passenger Terminal Expo World” sərgisi çərçivəsində təqdim olunub.
Qeyd edək ki, “World Airport Awards” aviasiya sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən müstəqil sorğular əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafat çərçivəsində 565-dən çox hava limanında sərnişin təcrübəsi qiymətləndirilir.
Qiymətləndirmə zamanı qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, xidmət və alış-veriş imkanları, eləcə də minik prosesi kimi bütün əsas mərhələlər nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun bu mükafata ardıcıl şəkildə layiq görülməsi onun xidmət keyfiyyətinin, müasir infrastrukturunun və innovativ yanaşmasının göstəricisi kimi qiymətləndirilir.
Aylin Bayraməliyeva
