Bu gün:

Aqil Nəbiyev: "İtkilərə baxmayaraq, Bolqarıstandan istədiyimiz nəticə ilə qayıdacağımıza inanıram"


Azərbaycanın U-17 millisi Bolqarıstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsi öncəsi heyət baxımından müəyyən çətinliklərlə qarşılaşıb.

Baş məşqçi Aqil Nəbiyev

24Media.az “Report”a istinadən xəbər verir ki, bunu yığmanın baş məşqçisi Aqil Nəbiyev açıqlamasında bildirib. O, komandanın artıq bir neçə gündür hazırlıq prosesində olduğunu və toplanışın yekunlaşmaq üzrə getdiyini qeyd edib. Mütəxəssisin sözlərinə görə, hazırlıq plan üzrə davam edir və komanda yaxın günlərdə Bolqarıstana yola düşəcək.

Baş məşqçi heyətdə ciddi itkilərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, sarı vərəqə limitini doldurduqları üçün iki futbolçu ilk oyunlarda komandaya kömək edə bilməyəcək. Bundan əlavə, zədə və əməliyyat səbəbindən heyətdən kənarda qalan oyunçular da var. Əsas qapıçılardan Rauf Əyyubovun U-19 millisinə cəlb olunması da komandanın işini çətinləşdirib.

A.Nəbiyev qeyd edib ki, məşqçilər korpusu mövcud problemlərə baxmayaraq, komandanı psixoloji cəhətdən hazır saxlamağa çalışır.

O, rəqiblərin təhlil edildiyini bildirərək əlavə edib ki, komanda martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta yığması ilə qarşılaşacaq. Baş məşqçi ilk oyunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və qrupda üst pillələr uğrunda mübarizə aparacaqlarını bildirib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et