Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilməsi mərasimi təşkil olunub.
Ağ qızılgül kolu və yanındakı bel
24Media.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, “Roots of Peace” təşkilatının təsisçisi Haydi Kun və Vaşinqtonda akkreditə olunmuş kənd təsərrüfatı attaşeləri iştirak ediblər.
Səfir Xəzər İbrahim çıxışında Novruzun baharın gəlişini və yenilənməni simvolizə etdiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin regiona yeni həyat gətirdiyini vurğulayıb. Səfir həmçinin Azərbaycanın sülh və davamlı inkişaf siyasətinə sadiq qaldığını qeyd edib.
Haydi Kun isə çıxışında münaqişədən zərər görmüş ərazilərin kənd təsərrüfatı vasitəsilə bərpasının vacibliyini vurğulayıb. O, Qarabağda mina sahələrini ziyarət etdiyini və minatəmizləmə prosesinin əhəmiyyətini xüsusi qeyd edib, beynəlxalq ictimaiyyəti bu istiqamətdə dəstəyi artırmağa çağırıb.
Tədbir çərçivəsində səfirliyin həyətində sülhün rəmzi olan ağ qızılgül əkilib, iştirakçılara Novruz ənənələri haqqında məlumat verilib və milli şirniyyatlar təqdim olunub.
Aylin Bayraməliyeva
