2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı texniki araşdırma mərhələsi yekunlaşmaq üzrədir.
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev
24Media.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Onun sözlərinə görə, araşdırma çərçivəsində avadanlıq istehsalçılarından, o cümlədən naviqasiya sistemləri və təyyarə istehsalçısından bütün zəruri ekspertiza nəticələri əldə olunub. Hazırda yekun nəticələrin hazırlanması davam edir və bu məlumatlar beynəlxalq komissiya üzvləri ilə razılaşdırılacaq.
Qeyd olunub ki, araşdırma Azərbaycan, Qazaxıstan və Rusiya ekspertlərinin, həmçinin “Embraer” şirkəti və beynəlxalq aviasiya qurumlarının nümayəndələrinin iştirakı ilə aparılır. Yekun hesabatın beynəlxalq standartlara uyğun şəkildə yaxın aylarda təqdim olunacağı gözlənilir.
K.Bozumbayev əlavə edib ki, texniki araşdırmanın nəticələri qəzanın səbəblərinə – hadisənin necə baş verdiyinə və təyyarənin niyə qəzaya uğradığına aydınlıq gətirəcək. Hüquqi məsələlərlə bağlı isə Qazaxıstan tərəfi digər ölkələrin müvafiq qurumlarından nəticələr gözləyir.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus “Embraer 190” tipli təyyarə Bakı–Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.
Aylin Bayraməliyeva
