Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə “Bank Respublika” və Avropa İnvestisiya Bankının EIB Global bölməsi arasında yeni kredit müqaviləsi imzalanıb.
24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saziş çərçivəsində ayrılan vəsaitlər bankın geniş filial şəbəkəsi vasitəsilə regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.
Qeyd olunub ki, layihə üzrə valyuta riski Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi hedc mexanizmi vasitəsilə idarə olunacaq.
EIB-nin vitse-prezidenti Karl Nehammer bildirib ki, bu əməkdaşlıq yerli biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına və innovasiyaların tətbiqinə töhfə verəcək. Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić isə maliyyə bazarlarının inkişafının ölkənin iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov vurğulayıb ki, bu tərəfdaşlıq beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və manatla kreditləşmənin artmasına əlavə təkan verəcək.
Aylin Bayraməliyeva
