Bu gün:

Bakıda Novruz şənliyi keçirilib


Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən yeni istirahət parkında Novruz bayramı münasibətilə “Ruhumuza bahar gəlir” adlı şənlik təşkil olunub.

Bakıda Novruz bayramı münasibətilə keçirilən kütləvi şənlik


24media.az APA-ya istinadən xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Park ərazisində xalq tətbiqi sənət nümunələrinin nümayiş olunduğu çadırlar qurulub.

Tədbirdə milli geyimli atlılar, dəvələr və ponilər, həmçinin Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və pəhləvanlar iştirak ediblər.

Şənlik zamanı səhnədə tanınmış incəsənət nümayəndələri və rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz bacarıqlarını nümayiş etdiriblər. İdman meydançasında isə zorxana, güləş, kəndirdartma və gimnastika üzrə nümunəvi çıxışlar təqdim olunub.

Bununla yanaşı, çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava və çay təqdim edilib. Bayram personajları tonqal ətrafında sakinlərlə birlikdə rəqs edərək tədbirə xüsusi rəng qatıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et