Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov və Fazil Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Ağa Tarverdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Nurlan Zeynalov və Ruslan Məmmədovun hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Fazil Hacıyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ağa Tarverdiyev digər təqsirləndirilən şəxslərlə əlbir olaraq yetkinlik yaşına çatmayan bir şəxsi oğurlayıb. Onlar həmin şəxsi qanunsuz olaraq girov saxlayaraq, azad edilməsi müqabilində ailəsindən pul tələb ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Fidan Ağayeva
