Bu gün:

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 10 milyard manatı keçib


Bu ilin yanvar–fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb. Bunun 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

24media.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,5 faiz təşkil edib.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Məlumata görə, bu dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq məhsul alıb. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 224,4 manatı isə qeyri-ərzaq mallarına xərclənib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et