Bu gün:

Alimlər 2000 qarışqanı skan edərək nəhəng 3D məlumat bazası yaradıblar


Alimlər yüzlərlə qarışqa növünü yüksək dəqiqliklə skan edərək onların anatomiyasını göstərən geniş 3D məlumat bazası hazırlayıblar. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə Yer üzündəki bütün canlıların rəqəmsal arxivinin yaradılmasına kömək edə bilər

Yer üzündə təxminən 20 kvadrilyon qarışqa yaşayır, lakin insanlar onları adətən sadəcə kiçik qara nöqtələr kimi görürlər. Bu səbəbdən alimlər qarışqaların quruluşunu daha dərindən öyrənmək üçün xüsusi skan texnologiyasından istifadə ediblər.

Ənənəvi mikro-KT skanerləri ilə bu qədər nümunəni araşdırmaq illər çəkə bilərdi. Buna görə də tədqiqatçılar prosesi sürətləndirmək üçün sinxrotron hissəcik sürətləndiricisindən istifadə ediblər və 2000 qarışqanı cəmi bir həftə ərzində skan ediblər.

Robot sistemi nümunələri ardıcıl olaraq skanerə yerləşdirib, alimlər isə iki növbə ilə çalışıblar. Nəticədə ekzoskelet, beyin, həzm sistemi və zəhər vəziləri kimi detalları göstərən yüksək keyfiyyətli 3D görüntülər əldə olunub.

Bəzi qarışqalar bükülmüş vəziyyətdə olduğuna görə alimlər onların formasını düzəltmək üçün süni intellektdən istifadə ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə bütün canlıların böyük 3D məlumat bazasını yaratmağa imkan verə bilər.

Mənbə:b VICE

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et