Bu gün:

“Daha çox piyadaların yox, avtomobillərin rahatlığı düşünülüb”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Nəqliyyat eksperti Rauf Ağamirzəyevdir. O, sürət məhdudlaşdırıcı maneələr, onların vacibliyi barəsində danışıb.


-Bakının bir çox yerləri üçün sürət məhdudlaşdırıcı maneə "Berlin yastıqlarının" qoyulmasına niyə ehtiyac var?

Sürət məhdudlaşdırıcı maneələr sürətin azaldılması, küçəni sakitləşdirən həllərdir. İnsanların sıx hərəkətdə olduğu məkanlar var, məsələn, məktəb, bağça və s. belə sıx insan hərəkəti və xüsusilə, həssas qrupların olduğu, uşaqların hərəkət etdiyi yerlərdə onların vurulmasına ehtiyac var ki, sürətli fiziki olaraq sürmək mümkün olmasın. Yoxsa yüz dəfə çağırış etmək, "Diqqət məktəb var" kimi sözlər yazmaqla heç bir insan həyatını xilas edə bilməyəcəyik. Fiziki olaraq bu mümkün olmayanda sürücülər artıq orada sürətli sürə bilməyəcək. Ən dəyərli şey insan həyatıdır, uşaqlardan söhbət gedirsə, 2-3 dəfə daha diqqət ayırmalı bir mövzudur. Düşünürəm ki, məktəblərin, bağçaların, universitetlərin insanların sıx hərəkətdə olduğu mərkəzlərin yerləşdiyi ərazilərdə bu həllərdən istifadə etmək mütləqdir. Bu küçələrin sakitləşdirilməsi həllərindən biridir. Bundan başqa yolların ensizləşdirilməsi, zolaqların ensizləşdirilməsi həlləri var. Bu da psixoloji olaraq sürətli sürməməyə təşviq edir. Avropada artıq şəhərlərin daxilində sürətlər ciddi azalmaqla yanaşı, həmçinin bu cür həllər sürətli sürməyi mümkünsüz edir. Məsələn, zolaqları ziqzaqvari edirlər, yolda bilərəkdən baryerlər, döngələr edirlər, örtük dəyişirlər ki, insan psixoloji olaraq buna hazır olsun, sürücü daha diqqətli olub sürətli sürməsin. Ən önəmli məqamlardan biri yol örtüyü ilə piyada hərəkət edən səkinin örtüyü eyni olmamalıdır. Bu psixoloji bir məqamdır, sürücü fikirləşir ki, hər yer onundur. Amma rəng, örtük fərqli olanda insanlar vizual olaraq görürlər ki, bu ona aid olmayan sahədir. Bizdə elə deyil, təəssüf ki, buna hələki diqqət etmirlər. Həllərdən biri də yolun məhəlləyə girişlər olan hissəsində yolun səviyyəsini səki səviyyəsinə qaldırırlar. Avtomatik olaraq sürücü həmin sahəyə gələndə sürətini azaldaraq məhəlləyə giriş edir. Sürücünün diqqətini artırmaq üçün bu həllər önəmlidir. Bizdə, təəssüf ki, daha çox piyadaların yox, avtomobillərin rahatlığı düşünülüb. Məsələn, yol örtüyündə olan baryerlər uşaqlı valideyinlərin hərəkətini məhdudlaşdırır. Amma bununla yanaşı, yaxşı tərəflər də var. Şəhərdə yaxşı örnək kimi yeni qurulmuş Ağ şəhər ola bilər, orada piyadaların hərəkəti prioritet götürülüb. Həmçinin son zamanlar Bəsti Bəkirova küçəsində də bu növ prioritetlər nəzərə alınaraq yenidən qurulub. Problem var, amma artıq Bakıya da bu həllər gəlib çıxıb. Sadəcə, tətbiq sahəsi genişləndirilməlidir, şəhərin bir çox küçələrində bu növ həllərə ehtiyac var. İnsanın hərəkəti və rahatlığı əsas götürülməli, ona uyğun həllər tətbiq olunmalıdır ki, piyada hərəkəti rahat, maneəsiz olsun. Bu da həm təhlükəsizlik, rahatlıq, həm də mobillik və prioritet məsələsidir.

Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et