Bu gün:

Ev heyvanlarının uşaqların psixologiyasına təsiri


İspaniyalı tədqiqatçılar INMA (Infancia y Medio Ambiente) layihəsi çərçivəsində təxminən 1900 ailəni araşdırıblar. Onlar uşaqların hamiləlikdən 7–8 yaşına qədər emosional və davranış inkişafına ev heyvanlarının təsirini öyrəniblər.

Araşdırma göstərib ki, əgər uşağın 4–5 yaşı olanda evdə pişik varsa, 7–8 yaşına çatanda daha tez-tez emosional çətinliklər-narahatlıq, çəkingənlik, əhval-ruhiyyənin düşməsi və bəzi davranış problemləri müşahidə oluna bilər. Tədqiqatçılar bunu pişiklərin daha müstəqil olması və uşaqlarla fiziki təmaslarının daha az olması ilə izah edirlər. Həmçinin bioloji amil də nəzərə alınır, çünki pişiklər toksoplazmoz xəstəliyinin daşıyıcısı ola bilərlər.

Evdə itlər və ya quşların olması isə uşaqların psixoloji vəziyyətinə ciddi təsir göstərməyib. Tədqiqatçılar vurğulayırlar ki, bu, sadəcə mümkün əlaqədir, birbaşa səbəb deyil.

Ən müsbət nəticələr isə “digər” ev heyvanları ilə bağlı olub – gəmiricilər (xamyaklar, dəniz donuzları, dovşanlar), balıqlar və sürünənlər (məsələn, tısbağalar). Bu heyvanlarla uşaqların gündəlik təmasda olması onların daxili emosional çətinliklərinin riskini azaldıb.

Lakin müəlliflər qeyd edirlər ki, ev heyvanlarının uşaqların psixikasına təsiri düşündüyümüzdən daha mürəkkəbdir. Sadəcə ev heyvanının olması uşağın psixoloji vəziyyətini avtomatik yaxşılaşdırmır, ailədəki atmosfer, tərbiyə tərzi və uşağın ətrafı ilə ünsiyyət keyfiyyəti də çox önəmlidir.

Mənbə: cursorinfo.co.il
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et